Neftin qiyməti: Fürsət və təhlükə | TƏHLIL

      Neftin qiyməti:    Fürsət və təhlükə |    TƏHLIL
  26 Sentyabr 2023    Oxunub:4416
Azərbaycan neftinin qiyməti yenidən 100 dollar ətrafındadır. Səudiyyə Ərəbistanı ilə Rusiyanın hasilatı aşağı həddə saxlamaq qərarlarından sonra “AzeriLight” bahalaşmaqdadır. 2016-cı ildən bəri qeyd olunan ölkələr də daxil OPEC+ qiyməti bəlli bir həddən - 60 ABŞ dollarından yuxarıda saxlamağa çalışır və buna da nail olur. Həmin qiymətdən aşağı səviyyə heç bir hasilatçısı ölkə üçün sərfəli deyil.
İlin əvvəlində kartelə daxil olan bəzi ölkələr hasilatı azaltmaq haqqında qərarları ilə neftin qiymətlərinin enişində maraqlı olmadıqlarını təsdiqlədilər. Ortada heç də kəskin eniş-filan olmadığı və qiymətlər 80 dolların altında dalğalandığı halda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan hasilatı əlavə olaraq azatmaq qərarına gəldilər. Bu da düşünməyə əsas verdi ki, bazarda qiymətlərin enə biləcəyi ilə bağlı gözlənti var imiş.

Dövlət gəlirləri xam neft ixracına bağlı olan ölkəmiz üçün də vəziyyət eynidir. Yəni neftin bir barelinin dünya bazar qiymətləri əgər, 50 ABŞ dollarından aşağı səviyyədə olarsa, iqtisadiyyatımız uzun müddət buna tab gətirə bilməz, artım durğunluqla əvəzlənər, bir sıra makroiqtisadı amillər titrəməyə başlayar...

“Azeri Light” markalı neftin bir barelinin qiyməti hazırda 90 dollardan yuxarı həddədir. Cari ilin dövlət büdcəmizdə isə bu rəqəm 60 dollardan götürülüb. Yeri gəlmişkən, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiymətsə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu rəqəmlərin nə vaxtsa yenidən təkrarlanacağı gözlənilən olmasa da, görünən budur ki, beynəlxalq bazarlardakı vəziyyət hələ uzun müddət karımıza gələcək.

Neftin baha olması maliyyə imkanlarımızı genişləndirir, büdcəmizin artımına şərait yaradır. Ancaq bunlardan da vacibi əslində sözügedən vəziyyətin yaxın gələcəkdə iqtisadiyyatımızın neft və qaz sektorundan asılılığını azaltmaq baxımından bizim üçün əlavə şanslar ortaya çıxartmasıdır. Bax, məhz bu cəhət nəzərdən qaçırılmalı deyil.

Neftin hər qiymət yüksəlişinin yaratdığı fürsət bizi çaşdırmamalıdır. Bəli, neftin qiymətinin hesabına ölkəmizdə maliyyə sabitliyi hökm sürür, daxil olan valyuta həcmi ölkədən çıxan həcmi üstələyir, tədiyyə balansımız, o cümlədən, xarici ticarət balansımız məqbul xarakter daşıyır. Prezident İlham Əliyev qeyd etmişkən, onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə - 33 milyard manatdan yuxarı idi, ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi hesabına 36 milyard manatı keçdi.

Dövlət başçımız cari ilin ilk 6 ayının sosial-iqtisadi yekunlarına dair müşavirədə onu da nəzərə çatdırmışdı ki, maliyyə vəziyyətimizin yaxşılaşmasının səbəbləri sırasında sektorda nizam-intizamın möhkəmlənməsi, vergi və gömrük orqanlarında islahatların davam etməsi, şəffaflığın təmin edilməsi dayanır. Bunlar tamamilə doğrudur. Amma bütün bunlarla yanaşı, dövlət gəlirlərimizin neft və qazdan asılılığı hələ uzun müddət davam edəcək. Təsadüfi deyil, hər dəfə növbəti il üçün təqdim edilən dövlət büdcəsi layihəsində ümumi gəlir məbləği yazılmamışdan öncə, beynəlxalq bazarlarda neftin 1 barelinin orta illik ixrac qiymətinə dair proqnoz göstərici əsas götürülür.

Lakin bir məqam da var. Şəffaflaşma daimi xarakter daşıya bilər, amma neftin dünya bazar qiymətləri faktoru dəyişkəndir, bizdən asılı deyil. Ümumiyyətlə, bu cür nisbi amillərin təsir və təzyiqlərindən getdikcə yaxa qurtarmaq gərəkdir. Başqa sözlə desəm, bilavasitə neftin qiymətindən qaynaqlanan artıqlıq və yaxud profisit bel bağlanası məsələ olmayıb, deyil və ola da bilməz.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Neft   İqtisadiyyat  





Xəbər lenti